07.12.2015

Azərbaycan İpoteka Fondunun təmin edilmiş istiqrazlarının 50 mln. manatlıq emissiyasının son tranşı yerləşdiriləcək

10 dekabr 2015-ci il tarixində BFB-də Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək və hərraca 4 000 000 AZN həcmində istiqraz çıxarılacaq. İstiqrazlar 101,2333 qiyməti ilə  satışa çıxarılacaq. İstiqrazları əldə etmək istəyən şəxslər “Bakı Fond Birjası” QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər.

İstiqrazların ödənmə tarixi – 21 noyabr 2024-cü ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Mərkəzi Bankıdır.

Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 30 dekabr 2014-cü il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Qeyd edək ki, bu istiqrazların yerləşdirilməsinə 13 yanvar 2015-ci il tarixində başlanılıb və hərracda bugünədək 46 000 000 AZN həcmində istiqraz yerləşdirilib.